Şəki regional ədliyyə idarəsində Anım Günü qeyd edildi

       2020-ci il sentyabrın 27-sində Ermənistan Respublikasının ölkəmizə qarşı törətdiyi növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyünün təmin edilməsiməqsədilə Vətən müharibəsinə başlamışdır.

    Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə igidlik göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.

      44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusu həlak olmuş, 7 nəfər hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

      Zəfərə gedən yolun başlanğıcı olan 27 sentyabr tarixindən artıq bir il ötür. Bugün münasibətilə ölkə ərazsində silsilə tədbirlər keçirilmiş, o cümlədən Bakı şəhərində ölkə başçısının iştirakı ilə yürüş təşkil olunmuş və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Eyni zamanda Şəki regional ədliyyə idarəsinin əməkdaşları da Anım Günü münasibəti ilə Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmiş, həmçinin bu məqsədlə təşkil edilmiş rayon tədbirində iştirak edərək şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra Şəki regional ədliyyə idarəsində davam edən tədbirdə qazanılmış Zəfərdə əməyi olan şəhidlərimizin, qazilərimizin və eləcə də xalqımızın keçdiyi çətin və keçməkeşli yoldakı birlik və həmrəyliyi barədə çıxışlar edilmiş və fikirlər səsləndirilmişdir.

       Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

 

       Allah şəhidlərimizə rəhmət eləsin!