NİZAMİ GƏNCƏVİNİN “XƏMSƏ”SİNDƏ ƏDALƏT KONSEPSİYASI

         Təkcə Azərbaycan ədəbi kəhkəşanında deyil, eləcə də dünya ədəbi məkanında Nizami Gəncəvinin “Xəmsə”si bir ədəbi günəş kimi dolanmaqdadır. O “günəşin” əbədi enerjisi Nizami dühası və sözdür. Tarix, bəşəriyyət keçmişdən doqquz əsr zaman məsafəsində uzaqlaşsa da “Xəmsə”nin ədəbi və əbədi enerjisi daha aydın dərk edilir ki, bu enerji bitib tükənməzdir. Bu ədəbi enerjinin nüvəsində böyük əxlaq, insana və insanlığa saf sevgi, bəşəri duyğular dayanır. Onların da mayası ədalətdən tutulub və “kündəsi” də ədalətlə kəsilib.

         Professor Yaşar Qarayev yazırdı: “Öz bədii mahiyyəti və fəlsəfi ruhu ilə dirilik, intibah təbiətli Nizami dühası Şərqdə humanizm hərəkatının beşiyi başında durmuş, bəşərin zəka və sənət taleyində, “mən” və şəxsiyyət, əxlaqi dəyər və mənəvi sərvət axtarışlarında sərhəd və zirvə məqamı olmuşdur. Bir də məhz Nizaminin və “Xəmsə”sinin gördüyü işin, oynadığı rolun əks-sədası və nəticəsidir ki, bu əxlaqi meyarlar bütünlükdə şərqdə poeziyanın və fəlsəfi fikrin bünövrə və təməl daşlarına hopmuşdur. (“Tarix: yaxından və uzaqdan”. B. 1996. Səh.154.)

         Nizami hunanist şairdir. Onun humanizmi şəxsiyyətin buxovsuz (azad), müstəqil mövcudluğa (varlığa) hüququnu , düşüncə və istəkdə, əməl və iradədə fərdi, azad, sərbəst hərəkətə haqqını və bu haqqa, xeyrə yönələn mənəvi muxtariyyətini müdafiə və təsdiq edir.

         Nizami nəhəngdir. “Xəmsə”si beş poemadan – beş kitabdan ibarət olsa da, özü və yaradıcılığı haqqında yüzlərlə kitab, minlərlə şərhlər və məqalələr yazılmışdır. Nizami sözü ümumbəşəri sözdür. “Nizami söz incisi mədəninin xəzinədarıdır. Nizami “Xəmsə”si öz məzmun və mənasına görə o qədər əzəmətli və ağırdır ki, onu ölçmək üçün göylər qədər böyük tərəzi, yer kürəsi kimi iri daş lazımdır” (Əlişir Nəvai).

         Nizami haqq və ədalət şairidir. O, nədən yazırsa yazsın, həmişə haqqa və ədalətə rəvac verib. Onun yaradıcılığından bir qızıl xətt kimi keçən xalq və hökmdar, insan və cəmiyyət münasibətləri haqq və ədalətin axtarışlarında və onun işığında zühur edir. “Leninqradda çalışan müəllimlərim bu əqidədədirlər ki, bəşəriyyət tarixində və bütün dünyada hələ indiyə qədər həkim Nizamiyə bərabər başqa bir şair yaranmamışdır”(Y.N. Marr).

         Nizami ədalət şairidir! Respublikamızda ölkə prezidentinin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi də böyük şairə - dünya müdrikinə hörmət və ehtiramın, həm də, ədalətin təsdiqi və təntənəsidir. (Azərbaycan respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı: 5 yanvar 2021-ci il.),

         Dahi Azərbaycan şairi Nizami Gəncəvi təbiətin bir parçası, bir fenomeni, yaradıcılığı isə əsil təbiət hadisəsidir. Təbiət gözəlliklərini və böyüklüyünü, rəngarəngliyini , bənzərsizliyi və təkrarsızlığını, cazibədarlığını tam miqyasında qavramaq mümkünsüz olduğu kimi, təbiətin özü qədər böyük və qüdrətli olan Nizami Gəncəvi yaradıcılığını da tamamilə qavramaq mümkünsüzdür. Təbiətdəki bütün dəyərləri ifadə etməkdə söz, qələm, fırça və tişə nə qədər acizdirsə, təbiət fenomeni və hadisəsi olan Nizami Gəncəvinin “Xəmsə”sindəki hikmətləri anlayıb anlatmaq da o sıradan, o qəbildəndir. Hər dəfə təbiətə baxdığımızda  sanki əvvəllər görə bilmədiyimiz yeni bir şey gördüyümüz kimi dahi şairin “Xəmsə”sini hər yenidən oxuyanda da onun əsərlərində yeni bir özəllik və gözəlliklə göz-gözə, baş-başa qalırıq, və hər dəfə də heyrətimizin zirvəsindən boylanaraq doqquz əsrlik zaman hüdudlarını adlayıb gələn və bu gün də söz-sənət kəhkəşanının və hikmət gülüstanının əbədi və adil hökmdarı Nizaminin və onun ruhunun qarşısında baş əyərək öz sözləri ilə deyirik:

                              Dünyanın işini yaxşı düşün sən,

                              Nə əksən, onu da sən biçəcəksən.

 

                              Yaxşı iş də görsən, pis iş də, inan,

                              Unutmaz onları bu qoca dövran.

         Və:

                              Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,

                              Ədalət sədaqətlə abad eylər ölkəni.

         Sosial ədalət, siyasi sabitlik və harmoniyaya susamış müasir insan cəmiyyətinin və bəşəriyyətin səngiməkdə və sönməkdə olan vicdanını narahat edən qorxunc reallıq və ümidlərini alovlandıran yüksək fikirləri XXI əsrin də sosial mənəvi tələblərinə çevrilir və hər bir fərdi, hər bir “mən”i bol vitaminli zəngin çeşidləri ilə qidalandırır. Bütün bunların nəticəsidir ki, ən müasir sosiologiyanın gəldiyi: (insanın azadlığını, onun səadətini milli və bəşəri xoşbəxtlikdə və içində yaşadığı cəmiyyətə faydalı olmaqdadır) nəticəyə dahi Nizami Gəncəvi XII əsrdə gəlmiş və “Xəmsə”sində “qızıl qələmli” şair sözün işığında onun real, canlı və parlaq təsvirini vermişdir.

         Nizamiyə görə insanın mənəvi kamilləşməsi elə cəmiyyətin mənəvi kamilləşməsinin təzahürü və təsdiqidir. Cəmiyyət mənən kamilləşəndə - ədalət bərqərar olanda, yalnız onda insan da özünü dərk edir, sevgi və məhəbbətin nuruyla əsil insan kimi yaşamaq imkanı qazanır. İnsan cəmiyyəti üçün ictimai bərabərsizlik, zorakılıq, işğalçı müharibələr, kin, nifrət, qorxaqlıq, yaltaqlıq, mənəvi və ictimai fitnələr bütün hallarda qəbuledilməz və yolverilməzdir.

         Ümumbəşəri idealların, zorun və ədalətin, dövlət və dövlətçiliyin, hökmdar (rəhbər) və idarəetmənin tərənnümü Nizami yaradıcılığında saf məhəbbətin işığında sintez olunmuş, mürəkkəb bir şəkildə birləşdirilmişdir. Dahi şair bütün yaradıcılığı boyu onu daim narahat etmiş və düşündürmüş ictimai həyat həqiqətlərini, insan və cəmiyyət münasibətlərini fəlsəfi görüşləri əsasında qələmə almış, bu ictimai problemləri doğuran səbəbləri və onlardan xilas yollarını tapmaq istəmişdir.

         Böyük humanist Nizami Gəncəvi “Sirlər xəzinısi”ndən başlayaraq, feodal cəmiyyətində müşahidə etdiyi ictimai və mənəvi nöqsanları, cəmiyyətin naqisliklərini və deqretasiyanı ifşa edərək onları hansı yollarla və necə aradan qaldırmağın mümkünlüyü haqqında düşünmüşdür. Bunun nəticəsi olaraq Nizami feodal hakimlərə təsir göstərmək, onları ədalətə çağırmaq, ideal cəmiyyət qurmaq, hər yerdə və hər işdə ədalətə geniş meydan verərək onu gündəmə gətirmək istəmişdir. “Sirlər xəzinəsi”ndə olduğu kimi “Xosrov və Şirin “, “Yeddi gözəl” poemalarında da şairin düşüncələrinin və ideya istiqamətinin elə bu hədəfə yönəldiyini asanlıqla görür və duyuruq. Şair humanist, bəşəri, bəşəri olduğu qədər də ilahi ideyalarının zirvəsinə və onun əsrarəngiz təntənəsinə “İsgəndərnamə” poemasında nail olmuşdur.

         Xalq-hökmdar -ədalət problemi Nizami poeziyasının, o cümlədən “Sirlər xəzinəsi”nin əsasını təşkil edir. “Çoxt vaxt bu problemi ədalətli hökmdar ideyası şəklində ifadə edirlər. Guya, Nizaminin məqsədi ədalətli hökmdar obrazı yaratmaq imiş. Şair əvvəlki əsərlərində buna çalışmış, lakin arzuladığı ideal hökmdar surətini İsgəndərin simasında son poemasında yarada bilmişdir. Əlbəttə, Nizami yaradıcılığında xalq-hökmdar-ədalət probleminin həllinə, inikasına bu cür yanaşmaq birtərəfli və yanlışdır. Nizaminin məqsədi, amalı ideal şah surəti yaratmaq olsaydı, şair ilk əsərindən başlayaraq son əsərinə qədər istənilən sayda ədalətli şah obrazları yarada bilərdi, onlarda heç bir nöqsan göstərməzdi”. (Ə.Səfərli, X.Yusifov. “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”. B.1982; - səh.90).

         Hörmətli müəlliflərlə həmfikirəm. Məhz Nizami dühasının böyüklüyü və əzəməti ondadır ki, o bütün yaradıcılığı boyu xalq, hökmdar (rəhbər), cəmiyyət (dövlət), insan, ədalət və azadlıq məsələlərini və onlardan doğub törəyən münasibətləri vahid müstəvidə və bir-biri ilə qarşılıqlı əlaqədə tərənnüm etməklə, bu münasibətlərin kölgəli cəhətlərini böyük ustalıqla açıb göstərə bilmişdir. Dahi şairin yaradıcılığında xalqla hökmdar (rəhbər) münasibətləri nə qədər aparıcı, nə qədər ardıcıl və aktual olmuşsa, insan-azadlıq-ədalət məsələləri də bir o qədər aparıcı, ardıcıl və aktual olmuşdur. Mahiyyətcə də xalq,hökmdar, insan və azadlıq məsələləri Nizaminin ədalət konsepsiyasının parametrləri kimi “sərgilənir” – Nizami üçün əsərlərində şahların ədalətini təsvir etmək elə bir önəm daşımayıb, ancaq onların ədalətli olmalarına nail olmaq mütəfəkkir şairin ədəbi düşüncələrinin və irsinin əsas qayə və mənəvi dəyərlərinin əsasını təşkil etmişdir.

         Didakdik səciyyə daşıyan ilk poeması “Sirlər xəzinəsi”ndəki bir çox məqalət və hekayələrində onu narahat edən xalqla – hökmdar (rəhbər) probleminə, insan, azadlıq və ədalət məsələlərinə geniş yer vermişdir. “İnsanın mərtəbəsi haqqında”, “ədalət və insafı gözləmək haqqında”, “Padşahın rəiyyətə qayğı göstərməsi haqqında” məqalətlərində, “Özündən naümid olub bağışlanan padşahın hekayəsi”, “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər və qarı”, “Zalım padşahla Zahidin dastanı”, “Bir şahzadənin hekayəsi” və başqalarında hamını düşündürən və narahat edən sosial-ictimai münasibətlərə geniş meydan vermiş, bu problemləri ədalət güzgüsündə ədalətlə həll etməyə çalışmışdır. Uzaq keçmişdən gələn Nizaminin səsi bu gün də qulaqlarda səslənməkdədir.

                               Aləmi kim fəth eləyər zülm ilə,

                               Mülkü ədalətlə alarlar ələ.

 

                               Məmləkət ədlilə olar payidar,

                               İşlərin ədl ilə olar bərqərar.

         Nizami poemasının bir çox yerlərində dövrün hökmdarlarının cılızlığını nəzərə çatdırmaqla, gününü əyləncələrə xərcləyən bu adamların xalqın başına müsibətlər gətirdiyini, faciəli oyunlar açdığını zalım və zülmkardan qorxmadan qələmə alır və göstərir ki, onlar ədalətə asi olur, nahaq qanlar tökür, ölkənin abadlığı və xalqın rifahı qeydinə qalmırlar. Şair isə onlara qarşı barışmaz mövqeyini daha da möhkəmləndirir və onları müxtəlif yollarla, bədii boyalarla, sözün gücü və hikməti ilə izah etməyə çalışmışdır:

                               Zülm eləmək yaxşı deyil, heç zaman

                               Tökmə nahaq qan, gedər abrın, həyan.

 

                               Hümməti xalqın pis olar, qorx aman,

                               Məzlum ahından çəkin, ey hökmran.

 

                               Hümmət o yerdən ki, salar bir nəzər,

                               Baxma həqarətlə, əsər göstərər.

 

                               Bir neçə hümmətli kişi, sal yada

                               Neylədi hümmətlə böyük Mahmuda...

 

                               Eylə zülm xəncərini sən kənar,

                               Oxlarına olmayasan ta düçar.

 

                               Şahlıq üçün şərtdir ədalət fəqət

                               Aləmə zülm oldu, yetər, bir sənət.

         Dahi Nizami xalqın dərdini öz dərdi kimi yaşamış, həmişə xalqın yanında olmuş, xalqın oğlu kimi də onun dərdinə, kədərinə və sevincinə şərik olmuş, zülmdən və zalimdən qurtarmağın yollarını aramışdır. Bütün yollar böyük humanist şairin ideyalarının bir məcraya yönəldiyini isbatlayır ki, bu da ədalət yoludur. İlahi ədalət!

         Şair mövcud həyatın eybəcərliklərini çox doğru, düzgün əks etdirir. “Nuşirəvan və bayquşların söhbəti hekayəsi” romantik planda yazılsa da, hekayədə əks olunan mənzərə Nizami dövrünün – XII əsrin mənzərəsidir, Nizaminin gördüyü, yandığı faciənin, qətl-qarətin, ədalətsizliyin tüğyan etməsinin aşkar və cəsarətli təsviridir. Hekayədə quş dili bilən vəzirin köməyi ilə bayquşların söhbətini dinləyən Nuşirəvan əməllərini xatırlayıb peşiman olur, xəcalət çəkir. Bununla da Nizami şahın öz dili ilə onun zülmlərini, bütün bəd əməllərini dilə gətirir, xəcil, peşiman edir, ona ədalətdən uzaq düşməyin peşimançılığını yaşadır və öz dili ilə ədalətsizliyini etiraf etdirir:

                               Barmağını dişlədi şah: “Zülmə bax!”

                               Quşlara çatmış sitəmimdən soraq.

 

                               Gör necə zülm eylədim insanlara,

                               Bayquş oturtdum evə, eyvanlara.

 

                               Özgə malın zülm ilə aldım yetər,

                               Qaldım ölümdən nə qədər bixəbər.

 

                               Oldu bu gün zülm tamaşa mənə,

                               Vay ola məhşər günü rüsva mənə.

 

                               Bəli, qiyamətdə tamam bunları,

                               Hey soracaqlar tökülən qanları.

 

                               Ah nə qədər etdi məlamət mənə,

                               Bəsdir ömürlük bu xəcalət mənə.

 

                               Söylə, bu vardan ki bilinmir sayı,

                               Sam nə götürdü, ya Süleyman nəyi?

         Nizaminin şahın dili ilə söylədiyi bu sözlər həm də şairin öz dövrünün ədalətsiz şahları üçün çox ciddi bir ittiham nitqidir. Bu ittiham zülmün və zalimin heç bir məkanda və zamanda yaşamağa mənəvi haqları olmadığını təsdiqləyir. Lakin Nizami  humanist romantik bir şair kimi qəhrəmanını islah edir. Nuşirəvan ədalətli işlər görməyə başlayır, tarixdə adil Nuşirəvan kimi özünü təstiqləyir və tanınır.

         “Sultan Səncər və qarı” hekayəsində vəziyyət dəyişir, burada törətdiyi əməllərə görə ittiham nitqini şah özü yox, xalqın içindən çıxan, xalqın nümayəndəsi olan zəif bir qarı səsləndirir. Şahın ətayindən tutub saxlayan qarı onu bir cani kimi yaxalayıb müttəhimlər kürsüsündə oturdur”,  zülmlərini, bəd əməllərini bir-bir üzünə söyləyir. Sultan Səncər heç bir söz demədən qarıya sonadək qulaq asıb səhnədən çıxırsa da, sonda xalqın şikayətlərini saya almamağın cəzasını alır.  

         “Sirlər xəzinəsi”ndə zülm və ədalət, hökmdar və xalq münasibətlərinə geniş yer verən şair insanın böyüklüyünə, aliliyinə, məsuliyyətinə, azadlıqsevərliyinə və ədalətinə mane olan hər cürə qüsurlara, məhdudiyyətlərə tənqidi yanaşaraq, rəngarəng obrazlar, bənzərsiz lövhələr yaradaraq, mənən yüksəkdə görmək istədiyini - ədaləti izhar etmişdir.

         Azərbaycan intibahının qiymətli bir abidəsi olan, insanlığın işıqlı sabahına  inam, sadə insana məhəbbət aşılayan, bəxş edən “Sirlər xəzinəsi” zəngin və mürəkkəb məzmunu ilə yanaşı azadlıq və ədalətin təmsilçisi və təbliğçisi kimi də ən yaxşı sözlərlə öyülməyə layiq bir əsərdir.

         Aşiqanə-fəlsəfi roman silsiləsinin ən parlaq nümunəsi kimi meydana çıxan “Xosrov və Şirin” “Xəmsə”yə daxil olan ikinci böyük əsər kimi əsas mövzu olan məhəbbəti dövrün ictimai, siyasi, əxlaqi hadisələri ilə təmasda, əlaqədə göstərmişdir. Nizami Gəncəvi bu poemasında da ədalətsizliyə göz yummamış, ondan yan keçməmiş, zülmə və zalıma qarşı çıxmaqla onu ittiham etməkdən, cəzalandırmaqdan belə çəkinməmişdir.

         Atasının ölümündən sonra hakimiyyəti ələ alan, nəzir-niyazla doğulan övladını – Xosrovu atasının qoyduğu qanunları pozduğuna görə cəzalandıran Hörmüz ədaləti, qayda-qanunları hər şeydən yüksəkdə tutur, xalqın, ölkənin xeyri üçün son dərəcə ədalətli fərmanlar verir. Atasının qoyduğu qanunları, özgə biri yox, taxt-tacın varisi pozur. Hörmüz də onu cəzalandırır. Əyanların işə qarışması, günahını başa düşüb boynuna alması Xosrovu ağır cəzadan xilas edir. Bu - ədalətin zəfər çalması yenə Nizami humanizminin əhatəsində baş verir. “Xosrov və Şirin”də bir sıra bütün zamanlarda aktual, bəşəri problemləri işıqlandıran, yeni mütərəqqi ideyalar irəli sürən Nizami eşqin, məhəbbətin də ədalət kəhkəşanında daha möhtəşəm, daha ecazkar olduğunu göstərməyə nail olmuşdur. Nəticədə Xosrov səhvlərini düzəldərək ədalət mərtəbəsində istəyinə, arzularına və taxt-taca qovuşur.

         Zəmanəsinin nöqsanlarına və ədalətsizliklərə qarşı ayıq, tənqidi münasibət bir intibah şairi kimi Nizaminin “Yeddi Gözəl” poemasında da humanist şairin ədalətli şah surəti yaratmaq, ideal hökmdar (rəhbər) arzusunu gerçəkləşdirmək üçün yazılmış əsər olmayıb, yeni insan axtarışlarının, yeni intibah dövrünün münasibətlərini əks etdirən bir poemadır. Əsərboyu baş qəhrəmanı Bəhramı özünüdərketmə prosesində əks etdirən şair, mövcud gerçəkliyə qarşı çıxır, onun qarşısına intibah baxımından mühüm ictimai vəzifələr qoyur və bu vəzifələr ədalətin bərqərar olduğu məkanda və zamanda reallaşa bilir.

         Nizami bu poemasında da hər şeyi insanla, insanlıqla ölçür, zülmü, ədalətsizliyi, insanda insanlığa xələl gətirən hər şeyi rədd edir. İdealı ancaq ideal, şəri də ancaq şər olaraq göstərmək Nizami yaradıcılığına yaddır. Şair xalq içərisindən seçdiyi qəhrəmanları həmişə işıqlı və isti boyalarla vermiş, onların müdrikliyinə, cəsarətinə, insaniliyinə və ədalətsevərliyinə heyranlığını “Yeddi gözəl”də də bildirmişdir. Şair çobanın, Fitnənin, məhbusların simasında özünün insan idealı və azadlıqlarını əks etdirən tendensiya kimi qələmə almışdır.

         Gününü eyş-işrətdə keçirən, “fil qulağında yatan” baş qəhrəmanı – Bəhram şahı xalq nümayəndəsi olan çobanla söhbətləri qəflət yuxusundan ayıldır. Məhbusları dinlədikdən sonra vəziri (ölkənin idarə olunmasını həvalə etdiyi) Rastü-Rövşəni edam etdirir. Bəhram yeddi günbəzli qəsrindən əl çəkir. Ölkəni düşdüyü ağır vəziyyətdən qurtarır, ədaləti bərqərar edir, bununla vədlərinə və ideala uyğun şah olduğunu son əməlləri ilə təsdiqləyir.

         “Xəmsə”ni tamamlayan “İskəndərnamə”nin “İqbalnamə” adlanan ikinci hissəsində dahi şair ictimai, fəlsəfi düşüncələrə daha geniş meydan verərək insan zəkasının təntənəsini, bəşəri dəyərləri əks etdirməyə, ədalət və güc, hökmdar (rəhbər) və cəmiyyət, ağıl və əxlaq, yaradılış və dünya, azadlıq, xoşbəxtlik və var-dövlət və s. məsələlərlə bağlı dövrünün (eləcə də bütün dövrlərin) ən mütərəqqi, ən qabaqcıl elmi görüşlərini bəyan etmişdir. Onun bu bəşəri baxışlarına tən gələn dövlət quruluşunu və idarəçiliyini reallaşdıran ideal hökmdar (ədalətli rəhbər!)

İskəndərdir. Bəs İskəndər kimdir? Əlbəttə Nizami ideyalarının daşıyıcısı, onun danışmanı, dilmancı, ən nəhayətdə özünün yaratdığı ideal və adil hökmdar (rəhbər)!

         Nizami dövrünün ən zəkalı alimləri: Əflatun (Platon), Ərəstu (Aristotel), Valis (Milefli Fales), Farfuriyus (Porfiri), Bəlinas (Plin), Sokrat, Hermes kimi tanınmış şəxsiyyətlərin dili ilə öz ədəbi qəhrəmanına – İskəndərə dərs keçir. Alimlik mərtəbəsinə yüksələn İskəndər filosof şairin düşüncələri və dili ilə bu yeddi böyük dünya şöhrətli alimlə fikir mübahisələrinə də çıxır. Bütün bunlar isə ədəbi qəhrəman İskəndərin yox, humanist şair Nizaminin böyüklüyünə, ümumbəşəriliyinə, onun ədalət konsepsiyasının doğru-düzgünlüyünə zəmanət verir. Nizami İskəndəri elmə, biliyə, hikmətə və sənətə bağlı olan ziyalı bir hökmdar (rəhbər) kimi formalaşdırır və yetişdirir: filosoflar, alimlər və ədiblərdən – Nizamidən dərs alan İskəndər xarakter, cəsarət və qəhrəmanlığı ilə bərabər, alim, filosof və tədbirli bir insan kimi də tanınır.

         Nizaminin təqdimatında “İskəndər üçün ordu da, hərb də məqsəd deyil, yalnız bir vasitədir. “Hərb üçün hərb prinsipini o, kökündən rədd edir”. (Professor. X.Yusifov).

         Nizamiyə görə İskəndər fitnəkarlıqla heç bir müharibə aparmamışdır. Onun apardığı müharibələr isə haqqın və ədalətin yanında olduğunu sərgiləyir. Daraya qarşı etmiş olduğu müharibə sırf müdafiə xarakteri daşımış, bundan başqa iki mühüm döyüşü: biri misirlilərin xahişi ilə zəngibarlı basqınçılara, digəri isə qafqazlıların xahişi ilə soyğunçu ruslara qarşı olmuşdur. Haqq edərək də deyə bilərik ki, Nizami ədəbi qəhrəmanına öz əlləri ilə “haqq-ədalət şineli” biçmiş və geyindirmişdir.

         Bütün yaradıcılığı boyu onu daim narahat etmiş və düşündürmüş ictimai həyat hadisələrini filosof şair insan və cəmiyyət münasibətlərini öz fəlsəfi görüşləri əsasında qələmə almış, bu ictimai problemləri doğuran səbəbləri, həm də onlardan xilas yollarını tapmaq istəmişdir.

         Dövlətin ictimai bərabərlik təmin etməyə, bilik və məhəbbətlə idarə etməyə borclu olan bir ədalət orqanı olduğunu yəqin edən Nizami müasirlərimizin can atdıqları təzadsız və süni çəkişmələr bilməyən, amirlik və istismara yol verməyən bərabərçi bir dövlət idealının müjdəsini “İskəndərnamə”də vermişdir.

         “İqbalnamə”də Nizami utopiyasının zirvəsi olan xoşbəxtlər diyarında haqq-ədalət hakimi-mütləqdir: bağlar çəpərsizdir, sürülər çobansız otlayır, hər yerdə və hər işdə bərabərlik hökm sürür, zəngin dükanlar qıfıl “tanımır”, nə oğurluq edən var, nə də oğruya imkan. Bütün bunların üzərində nəzarətə İNSAN ƏDALƏT bərabərhüquqlu cavabdehlərdir. Hər şeyi tərəzidə bərabər saxlayan da ədalətdir.

         Nizaminin “Xəmsə”də bəyan etdiyi, göstərdiyi ədalət konsepsiyası özü bir məktəbdir, əsil həyat akademiyasıdır. Bu akademiyanın məzunları ədalətsiz ola bilməzlər.

         “Sabir çörəksiz yaşar, amma Nizamisiz yox”.

         Haqq və ədalətsevər Sabirin bu müdrik kəlamı günümüzün hər bir Nizami pərəstişkarının, Nizami sevərinin dilində əbədiyaşar şairə əvəzsiz və sonsuz ehtiramı bildirən ən yaxşı məhəbbət simvolu kimi – sevgi simfoniyası kimi öz ətrini hüdudsuz zamana və məkana yaymaqdadır.

         Doqquz əsrə yaxındır ki, Nizami irsi, Nizami dühası Azərbaycanda mədəni-mənəvi gerçəkliyin üzvi tərkib hissəsinə, ümumxalq mənəviyyatının bir parçasına çevrilmiş Nizami dühası, onun sehrli qələmindən boy alıb boy verən irsi təkcə şərqin yox, eyni zamanda qərbin də söz-sənət xəzinəsini zənginləşdirməkdə, fikir və düşüncələri zinətləndirməkdədir. Ölməz Nizami irsi bu doqquz əsrlik zaman hüdudunu aşaraq bütünlükdə Azərbaycan – türk dünyasının – bütövlükdə Şərqin ədəbi-mədəni sərvətlərini dünya orbiti ilə birləşdirməkdə davam edir.

         İndiki çağımızda – yeni təfəkkürün, dünyagörüşün və əxlaqın, əqli-mənəvi inkişafın, milli, milli olduğu qədər də ümum-bəşəri dəyər və beynəlmiləl elmi sərvət axtarışlarının müasir mərhələsində Nizami “Xəmsə”sindəki utopiya əsil bir gerçəklik, həqiqət və əməl güzgüsündə içində yaşadığımız dünyanın əxlaq kodeksinə və ədalət ölçüsünə çevrilməkdədir.

         Nizami Gəncəvinin “Xəmsə”sindəki  sosial-siyasi görüşlərinin miqyası, onun məzmunu, insana, insanın vətəndaş cəmiyyətində mövqeyinə, roluna, humanist mahiyyətinə verdiyi qiyməti, əqli-əxlaqi-sosial inkişafı ilə XXI əsrin də ideoloji cəbhəsində dayanaraq humanizm və irtica mübahisələrinə öz səsini qataraq bəşər övladlarını yeni humanist və ədalətli cəmiyyətə, dünya düzəninə, dövlətçilik modelinə səsləyir.

                               Əyri dolanmaqla yoxdur işimiz,

                               Düzlükdən başqa yol tanımırıq biz.

 

                               Əyrilik yoluna çəkmişik hasar,

                               Düzlüklə olmuşuq əzabdan kənar.

 

                               Yalan gətirmərik biz dilimizə,

                               Əyri yuxular da görünməz bizə.

 

                               Acizin dərdinə edərik çara,

                               Xilas eyləyərik düşərsə dara.

 

                               Bizim aramızda bilsək ki, əgər,

                               Birinə bir işdə yetişib zərər,

 

                               Biz öz kisəmizdən onu ödərik,

                               Verib mayasını təsin edərik.

 

                               Bizdə bərabərdir hamının varı,

                               Bərabər bölərik bütün malları.

 

                               Bizdə artıq deyil heç kəsdən heç kəs.

                               Bizdə ağlayana heç kimsə gülməz.

 

                               Oğrudan qorxmarıq, biz nə şəhərdə,

                               Keşikçi qoymarıq, nə də çöllərdə.

 

                               Oğurluq eləməz bizdə bir nəfər,

                               Oğurlaya bilməz bizdən özgələr.

 

                               Nə zəncir, nə qıfıl görər qapılar,

                               Gözətçisiz otlar bizim mal-davar.

         Utopist Nizaminin də  bu günkü dünyanın da gəlib çatmaq, haqq etmək, qovuşmaq istədiyi cəmiyyət budur. Onun da mayakı – yolgöstərəni Nizaminin ideyaları, Nizaminin ədalət konsepsiyasıdır.

                                                                                                                                                                                                                  Abdulla Yusifov