Ölkə başçısı cənab İlham Əliyevin 18 mart 2021-ci il tarixli Əfv sərəncamının icrası Şəki Penitensiar Müəssisəsində həyata keçirilmişdir.

   Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 18 mart 2021-ci il tarixdə əfv sərəncamı imzalanmışdır. “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 625 nəfərə şamil olunumuşdur. 

   Sərəncamın imzalanması ilə dövlət başçısı növbəti ənənəvi humanist adımını atmış, bu gün yüzlərlə məhkumu Novruz bayramı ərəfəsində öz azadlığına qovuşdurmuşdur.

   Sərəncamın icrası bütün cəzaçəkmə müəssisələrində olduğu kimi Şəki Penitensiar Müəssisəsində də həyata keçirilmişdir. Sərəncam, bu müəssisədəki məhkumların 28-nə şamil olunmuşdur. Belə ki, 21 nəfər cəzadan azad edilmiş, 7 nəfərin isə cəzası yarıya endirilmişdir. Əfv sərəncamından faydalanan məhkumlar qəbul edilmiş sərəncamla bağlı ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, bayram günündə azadlığa çıxdıqlarına, ailələrinin və əzizlərinin yanında ola biləcəklərinə görə hədsiz sevindiklərini dilə gətirmiş, bundan sonrakı həyatlarında cinayətdən və cinayətkarlardan uzaq qalacaqlarını ifadə etmişlər.