Xocalı Soyqırımının iyirmi doqquzuncu ildönümünün qeyd edilməsi ilə bağlı tədbir keçirilmişdir.

       

       Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı Soyqırımının iyirmi doqquzuncu ildönümünün qeyd edilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirə Xocalı soyqırımı qurbanlarının xatirəsinin ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılmışdır. İdarənin rəisi Abdulla Yusifov Xocalı Soyqırımı haqqında giriş nitqi söylədi.

        Daha sonra idarənin rəis müavini Zaur Xəlilov Xocalı faciəsi ilə bağlı geniş məzmunlu məruzə ilə çıxış edərək qeyd etdi ki, “Xocalıda törədilmiş amansız qətliam nəinki türk dünyasına, bötüvlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş genosid aktı olmuşdur. Həmin gün azğınlaşmış erməni quldur birləşmələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı işə salmışlar. 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri isə girov götürən ermənilər qaniçənliklə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirmişlər. Beynəlxalq humanitar hüquq normalarının, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atmışlar.” Həmçinin tədbirdə qeyd olundu ki,  Xocalıda Azərbaycan xalqının başına açılmış faciənin ən layiqli cavabını isə müzəffər ordumuz döyüş meydanında vermişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan öz tarixi torpaqlarını işğladan azad etdi.

       Tədbirin sonunda isə tədbir iştirakçıları Xocalıda həlak olmuş, həmçinin Azərbaycanın suverenliyi uğrunda aparılan mübarizədə həyatlarını itirmiş şəhidlərimizə Allahdan rəhmət dilədilər.