Şəki regional ədliyyə idarəsində idarənin əməkdaşlarının nəzəri və peşə biliklərinin artırılması ilə bağlı seminar keçirilmişdir.

Təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq iyun ayı üçün müəyyən edilmiş mövzular üzrə seminarların keçirilməsinə başlanılmışdır. 02.06.2020-ci il tarixdə keçirilən seminarda idarənin müstəntiqi Elxan Azayev tərəfindən Azərbaycan Respublikasının cinayət və inzibati qanunvericiliyinə edilmiş son dəyişikliklər diqqətə çatdırılmışdır. Ölkə başçısının məhkəmə-hüquq sahəsindəki islahatların dərinləşdirilməsi haqqında 03.04.2019-cu il tarixli Fərmanının icrası ilə bağlı Cinayət Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərin əhəmiyyəti və cəza siyasətinin humanistləşdirilməsi istiqamətindəki rolu xüsusilə qeyd edilmiş, aparılan islahatların insan hüquq və azadlıqlarının qorunmasına xidmət etdiyi vurğulanmışdır. Cinayət Məcəlləsinin müvafiq maddələrinə edilmiş əlavə və dəyişikliklər, eyni zamanda istintaqı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə həvalə edilmiş - Cinayət Məcəlləsinin 196 və 306-cı maddələrinə edilmiş əlavə və dəyişikliklərin mahiyyəti geniş müzakirə edilmişdir. Bundan başqa İnzibati Xətalar Məcəlləsinə karantin rejimi ilə bağlı tələblərin pozulmasına görə cərimələrin müəyyən edilməsi barədə qəbul edilmiş əlavə və dəyişiklərə də toxunulmuş və bu məsələlər əməkdaşların diqqətinə çatdırılmışdır.