Şəki regional ədliyyə idarəsində 20 Yanvar hadisələrinin ildönümü qeyd edilmişdir.

18 yanvar 2019-cu il tarixdə Şəki regional ədliyyə idarəsində 20  Yanvar hadisələrinin 29-cu ildönümünün qeyd olunması ilə bağlı tədbir keçirilmişdir.

Tədbir iştirakçıları ilk əvvəl Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbir iştirakçılarının çıxışlarında 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi tarixində xüsusi yeri, dövlət müstəqilliyimizin çətin mübarizə və qurbanlar hesabına əldə olunması, sonrakı  dövrdə isə onun Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında necə gərgin və uzaqgörən siyasət nəticəsində qorunub saxlanılması barədə fikirlər səsləndirildi. Birmənalı şəkildə vurğulandı ki, xalqımızın öz istiqlaliyyəti uğrunda apardığı mübarizə və onun ən şanlı səhifələrindən biri olan 20 Yanvar hadisələri yaddaşlarda daim yaşadılmalı və yetişməkdə olan gənc nəslə aşılanmalıdır.