Azərbaycan ədliyyəsinin 100 illik yubileyi Şəkidə təntənəli şəkildə qeyd edilmişdir.

21 noyabr 2018-ci il tarixdə Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibəti ilə Şəkinin ədliyyə işçiləri, Şəkidə fəaliyyət göstərən məhkəmələrin hakimləri və əməkdaşları, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə tər gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra bayram tədbiri Şəki Məhkəmə Kompleksinin akt zalında Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş konfransla davam etdirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Şəki regional ədliyyə idarəsinin ərazi yurisdiksiyası üzrə regionda Azərbaycan ədliyyəsinin 100 illik yubiley münasibəti ilə keçirilmiş silsilə tədbirlər barədə hazırlanmış video çarx nümayiş olundu.

Konfransı giriş sözü ilə açan Şəki Apelliyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ölkədə Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin geniş silsilə tədbirlərlə qeyd olunması, müasir ədliyyə və məhkəmə sistemində həyata keçirilən mütərəqqi islahatlar, qazanılan nəaliyyətlər barədə məlumat verdi.

Konfransda Şəki regional ədliyyə idarəsinin rəisi Rəhman Məmmədov “Bir əsrlik tarix və müasir Azərbaycan ədliyyəsi” mövzusunda məruzə ilə çıxış edərək ədliyyəmizin tarixi, keçdiyi tarixi dövrlər, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan ədliyyəsinin və məhkəmə sisteminin qurulmasında və inkişafındakı əvəzsiz xidmətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi əsasında ədliyyə və məhkəmə sisteminin daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən mütərəqqi islahatlar, müasir Azərbaycan ədliyyəsinin fəaliyyəti, dövlət başçısının ədliyyə fəaliyyətinin və ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasına daim böyük diqqət və qayğı göstərməsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verdi. Konfransda çıxış edən Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Apelliyasiya Məhkəməsinin hakimi Mahir Əsədli, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov ədliyyə və məhkəmə sistemində əldə edilmiş uğurları qeyd edərək yubiley münasibəti ilə ədliyyə işçiləri və hakimləri təbrik etdilər.

Konfransın sonunda bir qrup ədliyyə veteranlarına yubiley münasibəti ilə xatirə hədiyyələri təqdim olundu.