Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında ədliyyə işçiləri və hakimlərin geniş görüşü keçirilmişdir.

Şəki regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 16 noyabr 2018-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala  filialının müəllim və tələbə heyəti ilə Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində geniş görüş keçirilmişdir. Görüşdə Şəki regional ədliyyə idarəsinin rəisi və məsul əməkdaşları, Zaqatala rayon Məhkəməsinin sədri, Zaqatala rayonunun yerli ədliyyə orqanlarının rəhbərləri həmçinin Zaqatala rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri iştirak etmişlər.

Şəki regional ədliyyə idarəsinin rəisi regionun ədliyyə və məhkəmə işçiləri adından təhsil müəssisəsinin kollektivini salamlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ədliyyəsinin 100 illik yubileyləri münasibəti ilə həyata keçirilən tədbirlər, belə bir görüşün keçirilməsinin məqsədi, ölkəmizin məhkəmə və hüquq sistemində, o cümlədən ədliyyə sahəsində həyata keçirilən mütərəqqi islahatlar, ədliyyə sistemi ilə geniş əhali kütləsinin təmasları, ədliyyə orqanları tərəfindən hər il milyonlarla insana hüquqi xidmət göstərilməsi və s. barədə ətarflı məlumat verdi.

Sonra regional idarənin əməkdaşları Siracəddin Rüstəmovun “Azərbaycan ədliyyəsinin tarixi” və Marif Mahmudovun “Müasir Azərbaycan ədliyyəsi” mövzularında məruzələri dinlənildi, regional idarənin əməkdaşı Zaur Xəlilov  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən  göstərilən elektron xidmətlərin təqdimatını  etdi.

Çıxış edən müəllim və gənclər ədliyyə və məhkəmə fəaliyyəti barədə, o cümlədən Ədliyyə Nazirliyinin elektron xidmətləri barədə məlumatların onlar üçün maraqlı və faydalı olduğunu bildirərək minnətdarlıqlarını ifadə etdilər.