Ədliyyə işçiləri “Açıq dərs”lər keçirirlər

Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq ölkə ərazisində müxtəlif səpgili tədbirlər həyata keçirilir. Gənc nəslin Azərbaycan ədliyyəsinin tarixi, keçdiyi inkişaf mərhələləri, müasir ədliyyə sistemində həyata keçirilən islahatlar, ədliyyə orqanlarının fəaliyyəti barədə ətraflı məlumatlandırılmasına xüsusi əhəmiyyət verilir. Bu məqsədlə Tədbirlər Planında ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün “Açıq dərs”lərin keçirilməsi nəzərdə tutulmuşdur.

Şəki regional ədliyyə idarəsi və aidiyyəti dövlət orqanları tərəfindən birlikdə “Açıq dərs”lərin keçiriləcəyi ümumtəhsil məktəblərinin siyahısı və dərslərin qrafiki müəyyənləşdirilmişdir. Qrafikə uyğun olaraq regionda ədliyyə işçiləri tərəfindən ümumtəhsil məktəblərinin XI siniflərində “Bir əsirlik tarix və müasir Azərbaycan ədliyyəsi” mövzusunda “Açıq dərs”lər keçirilir. Azərbaycan ədliyyəsinin tarixi, keçdiyi mərhələlər, ədliyyə sahəsində həyata keçirilən mütərəqqi islahatlar, ayrı-ayrı ədliyyə orqanlarının fəaliyyəti barədə məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanır.