Bələdiyyələrə metodiki yardım tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yerli özünüidarə orqanlarına münasibətdə mühüm vəzifələrindən biri onlara metodiki yardımın göstərilməsidir. Müstəqil yerli özünüidarə orqanları kimi bələdiyyələrin fəaliyyətinin ölkə konstitusiyasına və digər normativ hüquqi aktlara uyğun qurulması, onların qəbul etdikləri qərarların qanunvericiliyin tələblərinə uyğun olması üçün bələdiyyə üzvlərinin, onların vəzifəli şəxslərinin müvafiq  qanunvericilik aktları barədə kifayət qədər məlumatlı olmaları, bu sahədə lazımı səviyyədə biliklərə yiyələnmələri zəruri şərtdir. Məhz Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə göstərilən metodiki köməklik hüquqi maarifləndirməni, ayrı-ayrı qanunvericilik aktlarının tələblərinin izah olunmasını əhatə etməklə bu məqsədə yönəlmişdir.

Yerli özünüidarə orqanlarına metodiki köməklik məqsədilə Ədliyyə Nazirliyi və onun müvafiq qurumları tərəfindən davamlı olaraq müxtəlif səpkili tədbirlər həyata keçirilir.

Məhz bu tədbirlər çərçivəsində Şəki regional ədliyyə idarəsi tərəfindən ərazi yurisdiksiyasına aid hər bir rayonda həyata keçirilən bələdiyyə üzvləri və qulluqçuları ilə hüquqi maarifləndirmə seminarları ilə yanaşı bələdiyyələrin fəaliyyətinin təşkilində onların icra aparatlarının mühüm rolu olduğuna görə bələdiyyə qulluqçularının mükəmməl hüquqi biliklərə sahib olmasının böyük önəmini nəzərə alınaraq Şəki regional ədliyyə idarəsində bələdiyyə qulluqçuları üçün təlim kurslara başlanılmışdır.

Regionda fəaliyyət göstərən bələdiyyəllərin hamısı əhatə olunmaqla mühasiblər və kargüzarlığın aparılmasına təhkim olunmuş şəxslərdən qruplar təşkil edilərək təsdiq edilmiş qrafikə uyğun həftədə iki gün olmaqla təlimlər keçirilir. Təlimlərdə “Mühasibat uçotu haqqında,“Vətəndaşların müraciətləri haqqında,“Bələdiyyələrin maliyyəsinin  əsasları haqqında” və “Büdcə sistem haqqında” Azərbaycan Respublikası Qanunlarının, həmçinin “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”-nın tələbləri mövzuları əhatə olunur.

Təlimlərə 2018-ci il may ayının 2-sində  başlanılmış və iyun ayının 15-də başa çatdırılması nəzərdə tutulur.