Dövlət başçısının əfv sərəncamı Şəki penitensiar müəssisəsində təxirəsalınmadan icra edilmişdir

Humanizm ölkəmizdə dövlət siyasətinin əsas prinsiplərindən biridir. Cəmiyyətin həssas təbəqələrindən olan məhkumlar da dövlətimizin daim qayğısı ilə əhatə olunmuşlar. Məhkumlara humanist, insani münasibətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, son 15 ildə ölkə prezidenti İlham Əliyev tərəfindən ardıcıl olaraq davam etdirilmişdir.

Vətəndaş müharibəsi və ölkənin parçalanması kimi fəlakətlərlə üz-üzə qalındığı, erməni işğalının davam etdiyi, iqtisadiyyatın, sosial-mədəni həyatın, dövlət idarəçiliyinin böhran keçirdiyi bir dövrdə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev məhz bu şəraitdə belə, məhkumlara insani, humanist yanaşmanı diqqətdə saxlamış, elə hakimiyyətə qayıtdığı il ­­­­- 1993-cü ildə ölkəmizdə ölüm hökmlərinin icrasına veto qoymuş, məhkəmələr tərəfindən ölüm cəzasına məhkum edilmiş, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdanadək icra edilməmiş hökmlər üzrə bir nəfərin də olsa edam edilməsinə imkan verməmişdir. 1998-ci ildə isə Heydər Əliyevin siyasi iradəsi ilə ölkəmizdə ölüm cəzası tamamilə ləğv edilmişdir. Şərqdə məhz ilk dəfə belə bir humanist və cəsarətli addım Azərbaycanda atılmışdır.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə 32 əfv sərəncamı (3104 nəfər) verilmiş, 7 amnistiya aktı (təxminən 77 min nəfər) qəbul edilmişdir.

Bütün sahələrdə Heydər Əliyev strategiyasını uğurla və əzmkarlıqla davam etdirən, Heydər Əliyev prinsiplərinə sadiq olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məhkumlara daim qayğılı və humanist münasibət göstərilmişdir. İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində son əfv sərəncamına qədər 31 əfv sərəncamı imzalanmışdır ki, sərəncamlara əsasən ümumilikdə 6 mindən çox məhkum əfv edilmişdir. Həmçinin həmin dövrdə 4 amnistiya aktı Millli Məclis tərəfindən qəbul olunmuş və 40 minədək məhkuma şamil olunmuşdur. Həmin 4 amnistiya aktının təşəbbüskarı Mehriban xanım Əliyeva olmuşdur.

Ölkəmizdə məhkumlara qayğılı münasibət yalnız onların bir qisminin dövlət başçısı tərəfindən əfv edilməsi və vaxtaşırı amnistiya aktlarının qəbul edilməsi ilə məhdudlaşmır.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq cəzakəçmə müəssisələrində insan hüquqlarının etibarlı təmin olunması, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların mənafelərinin qorunması məqsədilə penitensiar sistemdə  köklü ardıcıl islahatlar həyata keçirilir. Yeni cəzakəçmə müəssisələri inşa edilərək məhkumlar üçün ən müasir beynəlxalq standartlara cavab verən şərait yaradılır.

Cəza və cəzaların icrası qanunvericiliyi davamlı olaraq təkmilləşdirilərək məhkumların hüquqları genişləndirilir, dövlətin cəza və cəzaların icrası siyasəti daha da humanistləşdirilir.

Bu baxımdan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixli sərəncamı cəza və cəzaların icrası sahəsində köklü islahatların yeni mərhələsinə start verməklə xüsusi ilə mühüm əhəmiyyət kəsb edir.

Məhz bu sərəncamın icrası istiqamətində Cinayət Məcəlləsinə 300-dək mühüm dəyişiklik edilərək bəzi əməllər dekriminallaşdırılmış, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların tətbiqi dairəsi genişləndirilmiş, qanunvericiliyə azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü daxil edilmiş ölkəmizdə ilk dəfə probasiya institutu tətbiq edilərək Ədliyyə nazirliyinin Probasiya Xidməti yaradılmışdır.

Həmçinin qeyd olunmalıdır ki, cəza icra siyasətinin mühüm institutu olan məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi sahəsində aşkarlığın, obyektiv və ədalətli yanaşmaının təmin olunması üçün ictimaiyyət nümayəndələri, müstəqil hüquq müdafiəçiləri də təmsil olunmaqla Ədliyyə Nazirliyində yaradılmış Xüsusi Komissiya tərəfindən davamlı iş aparılaraq minlərlə məhkumun işi məhkəmələrə göndərilir və böyük əksəriyyəti məhkəmələrdə müsbət həll olunur.

Məhkumların hüquq və mənafelərinin qorunmasına ictimai nəzarətin təmin olunması məqsədilə geniş ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələrinin təmsil olunduğu İctimai Komitə tərəfindən penitensiar müəssisələrə davamlı olaraq başçəkmələr həyata keçirilir, məhkumlara hüquqi yardım göstərilir.

Tarixi irsimizə böyük ehtiramla yanaşaraq müvafiq sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində geniş qeyd edilməsinə qərar verən və 2018-ci ili Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi əlamətdar yubiley ərəfəsində məhkumları da diqqətdən kənarda qoymamış, 24.05.2018-ci il tarixli sərəncamı ilə 634 nəfər məhkumu, o cümlədən Şəki Penitensiar müəssisəsində cəzaçəkən 33 məhkumu əfv etmişdir. Əfv edilən 634 nəfərin 607-si cəzaçəkmə müəssisələrində cəzaçəkən, 1-i azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş lakin cəzasının çəkilməsi təxirə salınmış,9-u azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş, 6-sı  islah işləri cəzasına məhkum edilmiş, 11-i isə  cərimə cəzasına məhkum edilmiş şəxslərdir.Digər penitensiar müəssisələrində olduğu kimi Şəki Penitensiar müəssisəsində də təntənəli tədbir keçirilərək dövlət başçısının sərəncamı həmin məhkumlara aid hissədə icrası dərhal təmin edilmişdir.

Tədbirdə tarixi yubiley ərəfəsində yüzlərlə məhkumu azadlıqlarına, öz ailələrinə qovuşdurduğu üçün ölkə prezidenti İlham Əliyevə dərin minnətdarlıq ifadə olundu.