Ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər barədə Şəkidə ictimai təqdimat keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın, aşkarlığın təmin edilməsi, korrupsiya və digər neqativ hallara imkan verən məmur-vətəndaş münasibətlərində birbaşa təmasın minimuma endirilməsi, həmçinin süründürməçilik hallarını aradan qaldırmaqla operativliyin təmin olunaraq vətəndaş məmnunluğuna nail olunması məqsədilə elektron xidmətlərin tətbiqi və ardıcıl olaraq onların dairəsinin genişləndirilməsi barədə tapşırıqlarının icrası Azərbaycan Respulikası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.

  Azərbaycan Respublikası Prezidentinin “Elektron hökumət” portalı ilə bağlı tapşırıqlarına əsasən Ədliyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin portala inteqrasiyası davam etdirilərək onların sayı 27-ə çatdırılmış, əlavə olaraq 4 yeni elektron xidmətin təşkili üzrə işlər davam etdirilir. Bu xidmətlərdən istifadələrin sayı ilbəil artaraq artıq bir il üzrə istifadəçilərin sayı milyonlarla ölçülür. Ədliyyə Nazirliyi tərəfindən elektron xidmətlərin təşkili və onların tətbiqi dairəsinin genişləndirilməsi ilə yanaşı bu xidmətlər barədə insanların ətraflı məlumatlandırılması da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə yerlərdə vaxtaşırı nazirlik tərəfindən göstərilən elektron xidmətlərin ictimai təqdimatları keçirilir.

Bu cür tədbirlərin keçirilməsi “Açıq hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın ədliyyə orqanlarında icrası üzrə İş Plan”ında (2018-ci il üzrə) və Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Kollegiyasının 26 yanvar 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan ədliyyəsinin 100 illik yubileylərinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuşdur.

Məhz bu tədbirlər çərçivəsində 18 may 2018-ci il tarixdə Şəki regional ədliyyə idarəsində ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər barədə geniş ictimai təqdimat keçirilmişdir.

Tədbirdə idarənin ərazi yurisdiksiyasına aid rayonların ictimaiyyət nümayəndələri, o cümlədən vətəndaş cəmiyyəti qurumlarının, KİV-lərin nümayəndələri, ayrı-ayrı dövlət orqanlarının məsul əməkdaşları iştirak etmişlər. Tədbirdə Ədliyyə Nazirliyinin məsul əməkdaşları tərəfindən ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat verilmiş, həmin xidmətlərdən istifadə qaydaları izah edilmiş, göstərilən elektron xidmətlər əyani şəkildə nümayiş olunmuşdur.

Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri bu cür təqdimatların keçirilməsini faydalı hesab edərək təqdir etdilər, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə minnətdarlıqlarını bildirdilər.