Bələdiyyələrin hüquqi maarifləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.

Yerli özünüidarə orqanlarına metodiki köməkliyin göstərilməsi, onların hüquqi maarifləndirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Bu məqsədlə ardıcıl əhatəli tədbirlər həyata keçirilir. Şəki regional ədliyyə idarəsi tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq növbəti belə tədbir 18 aprel 2018-ci il tarixdə Şəki şəhərində keçirilmişdir. Şəkidə fəaliyyət göstərən bələdiyyələrin sədrləri, üzvləri və qulluqçuları üçün “Bələdiyyələrin yerli vergi və ödənişlərinin yığılması işinin daha səmərəli təşkili”, “Bələdiyyələrdə arxiv işinin təşkili” , “ İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu və məsuliyyəti, bələdiyyələrin fəaliyyətində hesabatlılıq və aşkarlıq” mövzuları əhatə olunmaqla seminar müşavirə keçirilmişdir.

Seminarın gündəliyinə daxil  edilmiş məsələlərə keçməzdən əvvəl iştirakçılar 11 aprel 2018-ci il tarixdə ölkəmizdə keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçicilərin 86,02 faizinin səsini toplayaraq parlaq qələbə qazanan cənab İlham Əliyevi təbrik etdilər. Vurğulandı ki, bu parlaq qələbə cənab İlham Əliyevin dövlət başçısı kimi Azərbaycan xalqının rifahın yüksəldilməsi, ölkəmizin inkişafı, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi və qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi səmərəli, gərgin fəaliyyətinə xalqımızın verdiyi yüksək qiymətin, göstərdiyi böyük dəstək və etimadın məntiqi nəticəsidir. Tədbirdə cənab İlham Əliyevə möhkəm can sağlığı, növbəti yeddi illik prezidentliyi dövründə Azərbaycan Respublikasının daha da tərəqqisi naminə göstərəcəyi fəaliyyətində uğurlar arzulandı.

Sonra Şəki regional ədliyyə idarəsinin əməkdaşları seminar müşavirənin gündəliyindəki mövzular üzrə geniş məruzələrlə çıxış etdilər.

Məruzələr dinlənildikdən sonra bələdiyyə nümayəndələrini maraqlandıran suallar diqqətlə dinlənilərək Şəki regional ədliyyə idarəsinin rəisi və əməkdaşları tərəfindən cavablandırıldı, müvafiq izahlar verildi.