“Azərbaycanda məhbuslara hüquqi,reabilitasiya və reinteqrasiya yardımının göstərilməsi” layihəsinin icrası uğurla başa çatdırıldı.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramının dəstəyi və “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin Şəki regional ədliyyə idarəsi ilə birgə həyata keçirdiyi “Azərbaycanda məhbuslara hüquqi, reabilitasiya və reinteqrasiya yardımının göstərilməsi” layihəsinin icrası uğurla başa çatmışdır.

Hələ layihənin icrasının yekununa doğru –2017-ci ilin oktyabr ayında Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin səfiri cənab Kestutis Yankauskas, BMT-nin İnkişaf Proqramının Rezident Əlaqələndiricisi cənab Qulam İshaqzai və müavini Alessandro Frankassetti Şəkiyə səfər edərək, layihəsinin icrası ilə tanış olmuşlar. Qonaqlar Şəki regional ədliyyə idarəsindəki görüş  zamanı Avropa Birliyi və Ədliyyə Nazirliyi arasında həyata keçirilən layihələrin, ədliyyə sahəsində aparılan islahatların və eləcə də bu layihədə Şəki regional ədliyyə idarəsinin və Şəki Penitensiar Müəssisəsinin rolunun əhəmiyyətini vurğulamış, xüsusi ilə məhbuslarla və keçmiş məhbuslarla bağlı reabilitasiya və reinteqrasiya sahəsində görülən işlərin əhəmiyyətini və bu işlərin gələcəkdə də davam etdirilməsinin çox vacib olduğunu qeyd etmişlər. Cənab İshaqzai layihə çərçivəsində qazanılan uğurlu təcrübənin bir model olaraq respublika miqyasında genişləndirilməsini, habelə xarici dövlətlərdə də tətbiq edilməsini vacib hesab etdiyini vurğulamışdır.

 

05.04.2018-ci il tarixdə Şəkiyə səfər etmiş beynəlxalq ekspert Prof.Maykl Hopkins də həmin gün “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzində təşkilatla və layihənin icrasının nəticələri ilə tanış olmuş, layihə çərçivəsində biznesinin yaradılmlası üçün texniki dəstək almış keçmiş məhbuslar və onların ailə üzvləri ilə görüşmüşdür. Daha sonra O, Şəki Penitensiar Müəssisəsində olmuş, hüquqi və psixoloji yardım almış məhbuslarla görüşmüş, layihə çərçivəsində məhbusların əməyə cəlb edilməsinə dəstəklə bağlı cəzaçəkmə müəssisəsində quraşdırılmış avadanlıqlarla tanış olmuş və işə cəlb edilən məhbuslarla görüşmüşdür.

Sonda cənab Hopkins Şəki regional ədliyyə idarəsinin rəisi cənab Rəhman Məmmədovla görüşmüş, layihənin icrasının uğurla başa çatdığını qeyd etmişdir.. Qonağa məhkəmə və ədliyyə sahəsində həyata keçirilən islahatlar, bu istiqamətdə regionda görülmüş işlər, Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti, regional ədliyyə idarəsinin layihədəki rolu və layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilmiş və belə əməkdaşlıqların gələcəkdə davamlı olmasının vacibliyi vurğulanmışdır.