Şəki regional ədliyyə idarəsinin yuridiksiyasına aid rayonların İcra və probasiya şöbələrinin rəisləri və probasiya üzrə icra məmurları üçün seminar keçirilmişdir.

 Bu gün Şəki şəhərində, “Marxal Resort & Spa” otelində Şəki regional ədliyyə idarəsinin yuridiksiyasına aid rayonların İcra və probasiya şöbələrinin rəisləri və probasiya üzrə icra məmurları üçün “İctimai işin təşkili və icrası” mövzusunda seminar keçirilmişdir. Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” Layihəsi çərçivəsində təşkil olunmuşdur.

 Avropa İttifaqının Ədliyyə sahəsində layihəsinin qrup rəhbəri cənab Gerassimos Fourlanos, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq şöbəsinin beynəlxalq yardım və əməkdaşlıq üzrə mütəxəssisi xanım Məryəm Hacı-İsmayılova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya xidmətinin rəis müavini cənab Musa Hümbətov və Şəki regional ədliyyə idarəsinin rəisi cənab Rəhman Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamladılar, tədbirin mahiyyəti və əhəmiyyəti barədə məlumat verdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya xidmətinin rəis müavini cənab Musa Hümbətov və Şəki regional ədliyyə idarəsinin rəisi cənab Rəhman Məmmədov keçən ilin fevral ayının 10-da dövlət başçısının Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncamın əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışdılar.

 Sonra isə cənab Musa Hümbətov Azərbaycan Respublikasında ictimai işlər növündə cəza və inzibati tənbehin icrasının təşkili, ekspert qismində dəvət edilmiş Avropa Probasiya Konfederasiyasının beynəlxalq səfiri cənab Stephen Pitts isə Avropada ictimai işin təşkili və icrası barədə məruzələrlə çıxış etdilər. Tədbirin sonunda suallar cavablandırıldı və tədbir iştirakçılarına sertifikatlar təqdim edildi.