Şəki regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Şəkidə “Heydər Əliyev və yerli özünüidarəetmə” adlı regional konfrans keçirilmişdir.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq Şəki regional ədliyyə idarəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Bu münasibətlə Şəki regional ədliyyə idarəsinin təşkilatçılığı ilə idarənin yurisdiksiyasına aid rayonların bələdiyyələrinin üzvləri ilə Şəkidə “Heydər Əliyev və yerli özünüidarəetmə” adlı regional konfrans təşkil olunmuşdur. Əvvəlcə Ümummilli liderin Şəki şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Mərkəzdə Ulu Öndərin mənalı ömür yolundan və fəaliyyətindən bəhs edən maraqlı eksponatlarla tanışlıq olub.

Yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ulu öndərin, eləcə də 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şəki regional ədliyyə idarəsinin rəisi Abdulla Yusifov çıxış edərək dahi öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderin siyasətinin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini bildirib.

Çıxış edən digər natiqlər Azərbaycanda yerli özünü idarəetmənin yaradılmasının Ulu Öndərin adı ilə bağlı olduğunu, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görüldüyünü vurğulayıblar.

Sonda dahi rəhbərin tarixi xidmətlərinə həsr olunan film nümayiş etdirilib.