Müharibə iştirakçıları, şəhid ailələri və qazilərin məsələləri tərəfimizdən daim diqqətdə saxlanılır.

27 sentyabr “Anım günü” ilə bağlı Tədbirlər Planına uyğun olaraq Şəki regional ədliyyə idarəsində 21-30 sentyabr tarixləri ərzində Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər üçün “Açıq mikrofon günü”nün keçiriləcəyi elan edilmişdir. Elanda regional ədliyyə idarəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı operativ hüquqi yardımın göstərilməsinin təmin ediləcəyi, həmçinin digər məsələlərlə bağlı pulsuz hüquqi yardımın göstərilməsi üçün Şəki regional Vəkil Bürosu ilə əməkdaşlıq edilməklə müraciət edən şəxslərə qaldırılacaq məsələlərin həllində müvafiq köməkliyin göstəriləcəyi qeyd edilmişdir. Elan regionda fəaliyyət göstərən ədliyyə qurumlarına, məhkəmələrə və Bələdiyyələrin əlaqələndirmə şuralarına göndərilmişdir.

            Şəki regional ədliyyə idarəsinin təşkilatçılığı ilə idarənin əməkdaşları və regionda fəaliyyət göstərən bir neçə ədliyyə qurumunun əməkdaşı tərəfindən “Anım günü” çərçivəsində 25.09.2022-ci il tarixdə 44 günlük müharibədə şəhid olmuş- Qəbələ Asan Xidmət Mərkəzinin notariusu Saday Osmanlının oğlu Teymur Osmanlının və Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyət Həsənquliyevin qardaşı Nicat Həsənquliyevin məzarları ziyarət edilmiş, evlərinə baş çəkilmiş və hər iki ailəyə sovqat verilmişdir.

            26.09.2022-ci il tarixdə isə Şəki regional ədliyyə idarəsinin təşkilatçılığı ilə regionun ədliyyə işçiləri ilə geniş tədbir keçirilmişdir. Əvvəlcə ədliyyə işçiləri şəhidlərin məzarını ziyarət etmişlər. Tədbir Azərbaycan Respublikasının Himni ilə başlamış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra “44 günlük Zəfərə aparan yol” adlı videoçarx izlənilmişdir. Tədbirdə Saday Osmanlı və Təbiyət Həsənquliyev şəhid olan ailə üzvləri barədə təəssüratlarından, onların keçdiyi döyüş yollarından danışmışlar. Həmçinin nazirliyin şəhid olmuş əməkdaşı Ruhin Xəlilov barəsində də danışılmış və onun haqqında çəkilmiş videoçarx izlənilmişdir. Təsirli anlarla yadda qalan tədbirdə digər əməkdaşlar geniş məruzələrlə çıxış etmişlər. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

            İdarə rəisi və idarənin əməkdaşı 27 sentyabr 2022-ci il tarixdə keçirilmiş ümumrayon tədbirində iştirak etmişlər. Həmin gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müharibə iştirakçıları, şəhid ailələri və qazilərin məsələləri tərəfimizdən daim diqqətdə saxlanılır.