Zaqatala rayon bələdiyyələrini təmsil edən bələdiyyələrin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.

25 iyun 2022-ci il tarixdə Zaqatala şəhərində Şəki regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan və Zaqatala rayon bələdiyyələrini təmsil edən bələdiyyələrin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.Müşavirədə regional idarənin rəisi Abdulla Yusifov, rəis müavini Zaur Xəlilov, iqtisadçı-mütəxəssis Tərlan Qaffarov və rayonun bütün bələdiyyələrinin sədrləri iştirak etmişlər.

            A.Yusifov son illər ərzində bələdiyyələrin fəaliyyətində olan müsbət dəyişikliklərdən danışmış, həmçinin bu zaman yol verilən qanun pozuntuları və nöqsanlar barədə bildirmişdir.O, qeyd etmişdir ki, araşdırmalar, ümumiləşdirmələr və bələdiyyə aktları üzrə rəy verilməsi zamanı bələdiyyələr tərəfindən torpaqların alqı-satqısı, icarəsi və istifadəyə verilməsi, vergilərin toplanması, bələdiyyə qərarlarının qəbul olunması, bələdiyyə büdcəsinin mədaxili və məxarici, auditlərin aparılması, bələdiyyələrdə ştat vahidlərinin müəyyən edilməsi və sairlərlə əlaqədar çox saylı nöqsanlara və qanun pozuntularına yol verilmişdir.Qeyd olunmalıdır ki, 2022-ci ilin 6 ayı ərzində regional idarənin yurisdiksiyasinda olan rayonların bələdiyyələri üzrə  verilmiş təkliflər üzrə ləğv edilmiş və dəyişdirilmiş aktların sayı  303 sayda artaraq 1065 olmuşdur.

Daha sonra A.Yusifov bildirmişdir ki, bələdiyyələrin fəaliyyəti zamanı korrupsiyaya, rüşvətxorluq hallarına yol verilməməli, onların səlahiyyətinə aid olmayan (hərraclar və müsabiqələrin keçirilməsi və s.)  məsələlərə müdaxilə olunmamalıdır.Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən imzalanan korrupsiyaya qarşı mübarizə ilə əlaqədar dövlət proqramının müddəaları bələdiyyələrə bir daha izah olunmuş, ölkə rəhbərinin ciddi tələbləri onlara bildirilmişdir.Cənab Prezidentimiz tərəfindən “Məmurlar xalqa xidmət etməlidirlər, onların qulluqçusu olmalıdırlar”kimi tələblər bir daha müşavirə iştirakçılarına elan olunmuşdur.

Z.Xəlilov çıxış edərək bildirmişdir ki, Zaqatala bələdiyyələri I rübün göstəricilərinə görə torpaq və əmlak vergisinin yığılmasında ötən ilin müvafiq dövrü ilə müqayisədə geriləmə olmuşdur.Eyni zamanda kurort-sanatoriya, turizm  obyektlərindən alınmalı olan vergilər I rüb ərzində yığılmamışdır.

Torpaq və əmlak vergilərinin yığılması istiqamətindən, tədbirlərin görülməsi zərurətindən danışarkən qeyd edilmişdir ki, bələdiyyə bu istiqamətdə qanunvericiliyin imkanlarından istifadə etmir.Bununla bağlı inzibati aktların qəbul edilərək icra qurumlarına göndərilməsi təmin edilmir.Bundan başqa icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması  və bələdiyyənin gəlirlərinin artırılması istiqamətində atılmalı olan addımlardan bəhs edildi.

Müşavirənin sonunda bələdiyyələrin çoxsaylı suallarına cavablar verilmişdir.